Şriftin ölçüsü :

Saytın rəngi :

Bakıda Formula 1 SOCAR Azərbaycan Qran-Prisi başa çatıb

28 aprel 2019 | 16:00

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yarışa baxıblar

Aprelin 28-də Bakıda Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsinin – SOCAR Azərbaycan Qran-Prisinin əsas yarışı keçirilib. Əvvəlcə pilotların paradı və açılış mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsinin – SOCAR Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar.

Formula 1 Azərbaycan Qran-Prisinin paytaxtın Azadlıq meydanında keçirilən möhtəşəm açılış mərasimi maraqlı anları ilə yadda qaldı.

Əvvəlcə bu ilki yarış üçün xüsusi tərtib olunmuş kubok təqdim edildi.

Açılış mərasiminə Azərbaycan Respublikasının dövlət himninin ifası ilə start verildi.Dövlət himni tanınmış bəstəkar Azad Vəliyevin yeni aranjimanında səsləndirildi. Dövlət himninin ifa olunmasından sonra Formula 1 Azərbaycan Qran-Prisinin 51 dövrədən ibarət əsas yarışı başladı.

Gərgin idman mübarizəsinin yekununda “Mercedes” komandasının pilotu Valtteri Bottas Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin qalibi adını qazandı. O, 51 dövrəni hamıdan tez – 1 saat 31 dəqiqə 52,942 saniyəyə başa vurdu.

Ondan 1,524 saniyə geri qalan komanda yoldaşı, ötənilki Bakı Qran-Prisinin qalibi Luis Hamilton ikinci oldu. İlk üçlüyü liderə 11,739 saniyəlik fərqlə uduzan “Ferrari” komandasının sürücüsü Sebastian Fettel tamamladı.

“Mercedes” komandası bu qələbə ilə Formula 1 üzrə dünya çempionatları tarixində yeni rekorda imza atdı. Belə ki, ilk dəfə olaraq ardıcıl dörd Qran-Pridə bir komandanın hər iki pilotu yürüşləri ilk iki pillədə başa vurdu.

Sonra qaliblərin mükafatlandırılması mərasimi keçirildi.

Əvvəlcə qalib idmançının və komandanın şərəfinə müvafiq olaraq Finlandiyanın və Almaniyanın dövlət himnləri səsləndirildi.

Qran-Prinin qalibi Valtteri Bottasa kuboku Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təqdim etdi.

Dövlətimizin başçısı Konstruktorlar kubokunu “Mercedes” komandasının nümayəndəsinə təqdim etdi.

İkinci yerin sahibi, “Mercedes”in sürücüsü Luis Hamiltona kuboku Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, üçüncü yeri tutan “Ferrari” komandasının sürücüsü Sebastian Fettelə isə kuboku Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov təqdim etdilər.

Builki Bakı yarışı Formula 1 idmanı tarixində sayca 1001-ci Qran-Pridir.

Bakıda Formula 1 Azərbaycan Qran-Prisinə aprelin 26-da start verilib. Yarışın birinci günündə pilotlar Bakı trekində iki sərbəst yürüşdə güclərini sınayıblar. Ötən gün keçirilmiş sıralama yürüşündən sonra isə Qran-Pridə pilotların düzülüşü müəyyənləşib. Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda Formula 2 yarışları da keçirilib.

 

Keçidlər