Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı şəhərində bərk məişət tullantılarının yığılması daşınması və çeşidlənməsinin idarə olunması konsepsiyasının həyata keçirilməsinə başlanılıb

19 aprel 2019 | 16:00

Bakı Şəhər İcra Hakimiyyətinin sifarişinə əsasən Böyük Britaniyanın tanınmış Mott MacDonald şirkəti tərəfindən Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması konsepsiyası hazırlanır.

Bununla əlaqədar şirkətin nümayəndələri növbəti dəfə paytaxtımıza gəliblər. Onların apardıqları araşdırmaların nəticələri konsepsiyanın hazırlanmasında əsas götürülüb.

Mott MacDonald şirkətinin rəhbərlərinin bildirdiyinə görə, Bakı mürəkkəb landşafta, küləkli hava şəraitinə və böyük əraziyə malik olmasına baxmayaraq, şəhərin sanitar təmizliyi normal səviyyədədir. Buna baxmayaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması ilə bağlı islahatların aparılması üçün bu sahədə böyük təcrübəsi olan Mott MacDonald şirkətinə müraciət olunub və onun mütəxəssisləri yeni islahatlar konsepsiyasının hazırlanmasına başlayıblar. Əsas məqsəd paytaxt Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması işlərini aparıcı Avropa dövlətlərinin paytaxtları və iri şəhərləri səviyyəsinə çatdırmaq, paytaxtımızı gözəl məkana çevirməkdir.

Konsepsiya çərçivəsində artıq 3 aya yaxındır ki, Bakı şəhərində işlər gedir, 4 rayonda (Səbail, Nərimanov, Yasamal və Nəsimi) məişət tullantıları üçün yeni müasir konteynerlər qoyulub. Dünəndən isə daha 3 rayona (Binəqədi, Nizami və Xətai) bu konteynerlərin verilməsinə başlanılıb. Qapağı olan bu konteynerlər küləkli havada tullantıların ətrafa dağılmasının qarşısını alacaqdır.

Həyata keçirilən işlər çərçivəsində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həmin şirkətin təqdim etdiyi layihə əsasında ilkin olaraq Nərimanov rayonunda Monitorinq Mərkəzi yaradılıb. Mərkəzdə işçi qrup tərəfindən konsepsiyanın hazırlanması və həyata keçirilməsi ilə bağlı nəzərdə tutulan işlərin görülməsi üçün ən müasir şərait yaradılıb.

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yaradılmış Monitorinq Mərkəzində Mott MacDonald şirkəti rəhbərliyinin səlahiyyətli nümayəndəsi, Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması üzrə islahatlar konsepsiyasının rəhbəri Martin Saymon mətbuat nümayəndələrinə konsepsiya barədə geniş məlumat verib. O deyib: “2018-ci ildə bizi Bakıda tullantı idarəetməsi xidmətlərinin qiymətləndirilməsi üçün dəvət etmişdilər. Məqsəd tərəfimizdən potensial təkmilləşdirilmə metodları təklif edərək tullantıların idarə edilməsi sisteminin inkişafı üçün lazım olan məlumat bazasını əldə etməyə kömək edəcək pilot araşdırmalar layihəsini hazırlamaq idi. Bu da öz növbəsində, genişmiqyaslı tullantıların idarə edilməsi sistemində inkişaf əldə etməyə kömək olacaqdı. Şirkətimiz tullantıların yenidən emalını araşdırmaq üçün böyük məmnuniyyətlə Bakı İcra Hakimiyyəti ilə ikinci dəfə əməkdaşlıq etməyə razılıq verib. Bu araşdırmaların nəticələri Bakı şəhərində tətbiq olunaraq XXI əsrin müasir tullantı idarə etməsi sistemini yaradacaq.

Bakıda hər il təxminən 1,5 milyon ton tullantı yaranır. Bu rəqəm Bakı şəhəri genişlənib inkişaf etdikcə daha da artacaq. Tullantıların düzgün yığılması, emalı və çeşidlənməsi vacib şərtdir. Tullantıların çoxu şəhərkənarı poliqonlara aparılır. Buna baxmayaraq, tullantıların Balaxanıda yerləşən tullantı çeşidlənməsi və onlardan enerji əldəetmə zavodlarına göndərilməsi ilə bu işdə inkişaf əldə edilib.

Bizim ilkin araşdırmalarımız onu göstərdi ki, Bakıda tullantı menecmenti sistemini təkmilləşdirmək vacibdir ki, bu böyüyən və inkişaf edən şəhəri müasir xidmətlərlə təmin etsin, həm ətraf mühitə, həm də iqtisadi inkişafa müsbət təsir göstərsin. Turizm sahəsində inkişaf edən, müxtəlif beynəlxalq tədbirlər keçirən, Bakı Ağ Şəhər kimi innovativ layihələrə imza atan bir şəhər kimi, Bakıda yüksək səviyyəli tullantı idarə edilməsi sisteminin əldə edilməsi zəruriliyi yaranıb. Bakı Şəhər İcra Hakimiyyəti sakinlər üçün tullantıların yığılması, çeşidlənməsi və idarə edilməsi sisteminin təkmilləşdirilməsində məqsədlidir və bizim Mott MacDonald şirkəti olaraq rolumuz bu hədəfin əldə edilməsində dəstək olmaqdır.

Biz yeni tullantı konteynerləri və nəqliyyat vasitələri daxil olmaqla, yeni tullantı yığılması sistemlərini tətbiq etmək fikrindəyik. Bununla bərabər, Bakı sakinlərini də tullantıları emal oluna bilən və emal oluna bilməyən tullantılara bölməsinə həvəsləndirməyə çalışırıq. Bu, böyük miqdarda tullantıların poliqondan kənarlaşdırılmasına kömək edəcək.

Son bir neçə ay ərzində, nəzərəçarpacaq dərəcədə inkişaf əldə edilib. Yeni konteynerlər əldə edilib və sakinlərin bildirdiyinə görə, bu, əvvəlki konteynerlərə nisbətən böyük dəyişiklikdir və daha çox yeni konteynerlərin qoyulması işləri görülür. Prosseslər ilin sonuna kimi davam edəcəkdir. Hazırda tullantıların çeşidlənməsi ilə bağlı prosseslər araşdırılır və ilin sonundan etibarən yeni çeşidləyici konteynerlərin qoyulmasına başlanılacaqdır.

Yeni pilot araşdırmaların bir hissəsi kimi, tullantı araşdırmaları keçirmək zəruri məsələdir və bu Monitorinq Mərkəzi sırf bu məqsədlə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yaradılıb. Bu Mərkəz bu günə qədər gördüyüm ən mükəmməl müəssisələrdən biridir və bizə işimizi daha yaxşı yerinə yetirməyə kömək edir, işçi heyəti üçün tam müasir şərait yaradılıb.

İlkin araşdırmalar üçün Nərimanov rayonu seçilib. Belə ki, bu rayon həm şəhərin mərkəzində yerləşir, həm də şəhərkənarı əraziləri əhatə edir. Buna görə də Nərimanov rayonu ümumilikdə Bakı şəhərini təmsil edən ərazi kimi sınaqlar üçün münasib rayon kimi seçilib.

Mən hazırladığımız pilot layihələrin uğurla tətbiqinə inanıram. Ümid edirəm ki, Bakı sakinləri də şüşə, kağız, karton tullantılarını, plastik və dəmir içki qablarını çeşidləyib emal oluna bilən tullantılar üçün gətirilmiş yeni konteynerlərə ataraq Şəhər İcra Hakimiyyətinə kömək olacaqlar. Biz 20-30 faizlik tullantı diversiyası əldə etməyi hədəf qoymuşuq. Bu layihə uğurla nəticələnəcəyi təqdirdə ətraf mühit üçün böyük müsbət təsirlər, həm də Bakı şəhəri üçün iqtisadi faydalar verəcək, regiondakı digər şəhərlər üçün də gələcəkdə başlanğıc nöqtəsi olacaq”.

Keçidlər