Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı şəhərində İlaxır çərşənbə günü münasibətilə bayram şənliyi keçirilmişdir

14 mart 2012 | 16:00

Xalqımız baharın gəlməsini - Novruz bayramını çox qədim zamanlardan əsl milli bayram kimi qeyd edir. İlaxır çərşənbələrdən başlayaraq kütləvi şənlik və mərasimlər keçirilir.

Azərbaycan xalqı min illər boyu qoruyub saxladığı milli-mənəvi dəyərlərin ən gözəl nümunələrindən olan bu əziz bayramı bu ildə hər yerdə böyük sevinc və fərəhlə qarışlayır.

Bakı şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə martın 13-də paytaxtda analoqu olmayan İlaxır çərşənbə mərasimi keçirilmişdir. Qoşa Qala qapsından milli geyimli 12 atlı süvarinin, 5 fayton və 6 dəvənin müşayəti ilə Novruzun əsas personajları - Dədə Qorqud, Bahar qız, Keçəl və Kosa, musiqiçilər və digər iştirakçılar Suraxanı rayonu ərazisindəki Atəşgah məbədindən od gətirmək üçün yola düşmüşlər.

Atəşgah məbədində məşəl yandıran Bahar qız faytonların və atlıların müşayəti ilə şəhərimizin mərkəzinə doğru hərəkətə başlamışdır. Paytaxtın mərkəzi küçələri ilə hərəkət edən karvan "Gənclər" meydanında dayandıqdan sonra cəngavərlər Bahar qızın gətirdiyi odla tonqalı alovlandırmışlar.

Dədə Qorqud bu əziz bayram günündə xalqımıza xeyir-dua vermişdir. Bildirmişdir ki, Novruz bayramı gələndə elimizə-obamıza yeni nəfəs gəlir, torpaq oyanır, hər şey yenilənir, tər çiçəklər açır. Bizim çox adətlərimiz vardır. Onlardan biri də tonqal qalamaqdır. Bir tonqal qalayanda bütün eli-obanı şənliyə, toya çağırardılar. İki tonqal qalayanda bütün eli-obanı düşmənlə mübarizəyə, müharibəyə səsləyərdilər. Üç tonqal qalayanda isə bütün el-oba birliyə dəvət olunardı. Gəlin biz də hamımız bir yerdə olaq, üç tonqal qalayaq.

Bundan sonra Qala divarları üzərində alovlandıran üç böyük məşəl Azərbaycan xalqının Prezident İlham Əliyevin ətrafında sıx birləşməsini təcəssüm etdirmişdir. Daha sonra qalanın qarşısındakı meydanda tanınmış sənətçilərin iştirakı ilə böyük bayram konserti olmuşdur.

Bayram mərasimində dönə-dönə qürur hissi ilə qeyd olunmuşdur ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın böyük qayğı və dəstəyi nəticəsində muğam sənətindən sonra Azərbaycanın aşıq sənəti və Novruz bayramı da UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Azərbaycan dövlətinin təşəbbüsü ilə BMT-nin Baş Məclisi 21 martı "Beynəlxalq Novruz Günü" elan etmişdir. İnanırıq ki, bütün dünya bundan sonra 21 mart - Beynəlxalq Novruz Gününü daha böyük təntənə ilə əsl bayram kimi qeyd edəcəkdir.

Paytaxtın minllərlə sakininin və qonaqlarının maraqla izlədikləri bayram tədbiri zamanı Bakının bahar axşamının səması möhtəşəm atəşfəşanlığın əlvan rənglərinə boyanmışdır.

Keçidlər