Şriftin ölçüsü :

Saytın rəngi :

Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilib Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan paradda iştirak ediblər

10 dekabr 2020 | 16:00

  Dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Zəfər paradında iştirak ediblər.
“Dəmir yumruq” əməliyyatında - Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər paradına müdafiə nazirinin müavini, “Zəfər” ordenli general-leytenant Kərim Vəliyev komandanlıq edib.
Paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş edilib. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunub.
Hərbi orkestr “Azərbaycan fanfarası”nı ifa etdi.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana raport verdi.
Dövlət başçıları əsgərləri salamladılar.
Hərbi orkestr Azərbaycanın və Türkiyənin dövlət himnlərini ifa etdi.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev paradda çıxış etdi.
Sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış etdi.
Dövlət başçılarının çıxışlarından sonra Zəfər paradı başladı. Silahlı Qüvvələrimizin şəxsi heyəti Azərbaycan Respublikasının Dövlət bayrağı və şanlı hərb tariximizə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsinin Zəfər bayrağı altında tribunaya doğru irəlilədi. Dövlət bayrağı və Zəfər bayrağının ardınca Azərbaycan Ordusunun qoşun növlərinin bayraqları Azadlıq meydanına gətirildi.
Vətən Müharibəsi Qəhrəmanı general-mayor Zaur Məmmədovun başçılıq etdiyi döyüş bayraqdarları qrupu Böyük Qələbənin qazanılmasında müstəsna xidmətləri olan hərbi hissələrin döyüş bayraqlarını Azadlıq meydanına gətirdi.
Sonra Vətən müharibəsində müqəddəs döyüşlərdə əsl qəhrəmanlıq, şücaət, rəşadət və yüksək peşəkarlıq nümunələri göstərərək xalqımıza Böyük Qələbənin sevincini yaşadan əsgər və zabitlərimiz, daha sonra hərbi texnikalar tribunalar önündən keçdilər.
Bundan sonra Azadlıq meydanı üzərində Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri və helikopterlər Azadlıq Meydanının üzərindən uçdular.
Zəfər paradı 44 günlük müharibədə Azərbaycan Ordusunun Böyük Qələbəsini bütün dünyaya təntənəli şəkildə nümayiş etdirdi. “Dəmir yumruq” əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə yazılan Vətən müharibəsində Rəşadətli Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı Böyük Qələbə müasir müstəqil Azərbaycan dövlətinin hərbi qüdrətinin, iqtisadi gücünün nümayişi ilə yanaşı, xalqımızın qələbə əzminin də əyani təsdiqidir.
Yaşasın, müstəqil Azərbaycan Respublikası! Yaşasın, müzəffər Azərbaycan Ordusu! Yaşasın, sarsılmaz və əbədi Azərbaycan-Türkiyə qardaşlığı!

Keçidlər