Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər məscidində Vətən müharibəsi şəhidlərinin xatirəsinə vəhdət namazı qılınıb

04 dekabr 2020 | 16:00

Dekabrın 4-də Heydər məscidində Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib, vəhdət namazı qılınıb.
Anım mərasimində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə iştirak edib.
QMİ sədri deyib ki, Azərbaycan xalqına bu Qələbəni bəxş edən Müzəffər Ali Baş Komandanımız, Ordumuz, şəhidlərimizdir. 44 günlük Vətən müharibəsində başda Ali Baş Komandan İlham Əliyev olmaqla, Azərbaycan Ordusu zəfər çalaraq tarixdə yeni səhifə açdı. Xalqımız xoşbəxt xalqlardan biridir. Bu Qələbənin memarı isə ulu öndər Heydər Əliyevdir. 1993-cü ildə xalqımız Ümummilli Liderə müraciət edərək onu Azərbaycana dəvət etdi. Ulu Öndər müstəqil Azərbaycanı yenidən qurdu.
A.Paşazadə deyib ki, Vətən yolunda şəhid olanlar Allah yanında ən yüksək məqamdadırlar. Həm Birinci Vətən müharibəsi, həm də İkinci Vətən müharibəsi dövründə şəhidlərimiz oldu, Allah onlara rəhmət eləsin! Sünni və şiə məzhəbində olanlar bu gün şəhidlərimizin ruhuna birlikdə dualar etdilər.
Şeyxülislam xatırladıb ki, ulu öndər Heydər Əliyev Kəbədə olarkən torpaqlarımızın işğaldan azad edilməsi üçün dualar edib. Sonrakı dövrlərdə Kəbədə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da Qarabağın azad olunması, şəhidlərimiz, Azərbaycan üçün dualar ediblər. Bu gün xalqımız İlham Əliyev kimi Prezidenti olduğuna görə Allaha şükür edir. Dövlətimizin başçısı tarixdə daim böyük fateh kimi qalacaq. Bu gün Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada özünü qalib xalq hesab edir və bundan qürur duyur. Biz qalibik. Bu qalibiyyəti bizə Müzəffər Ali Baş Komandanımız, rəşadətli Ordumuz bəxş edib. Buna görə Ali Baş Komandana, Ordumuza təşəkkür edirik, şəhidlərimizə Allahdan rəhmət diləyirik.
Şeyxülislam vurğulayıb ki, Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin böyük vəsiyyətini yerinə yetirdi, torpaqlarımız işğaldan azad olundu. Bu gün xalqımız Prezidentimizin ətrafında sıx birləşib.
QMİ sədrinin birinci müavini, müfti Salman Musayev qeyd edib ki, əldə etdiyimiz tarixi Zəfər Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqımızın şücaətli oğullarının sayəsində mümkün oldu. Torpaqlarımız şəhid qanı bahasına azad olundu. Şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik. Mənfur düşmən Qarabağdakı məscidlərimizin, ziyarətgahlarımızın və türbələrimizin demək olar ki, hamısını məhv edib. Prezident İlham Əliyevin də dediyi kimi, o məscidlər, ziyarətgahlar, türbələr bərpa ediləcək. Allahdan arzumuz odur ki, qalibiyyətimiz daimi olsun, dövlətimiz daim inkişaf etsin. Bütün dünyada bizim qalibiyyətimiz öyrənilir. Allah bizə hər zaman böyük müjdələr qismət etsin!”.

Keçidlər