Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Memarlar İttifaqı idarə heyətinin növbəti plenumunda Bakının şəhərsalma inkişafı müzakirə edilib

07 may 2019 | 16:00

Mayın 7-də Bakı Şəhər İcra Hakimiyyətində Azərbaycan Memarlar İttifaqı idarə heyətinin Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə “Bakının şəhərsalma inkişafı” mövzusunda plenumu keçirilib.

Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyevanın da iştirak etdiyi tədbirdə Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri Elbay Qasımzadə plenumun ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə təsadüf etdiyini deyib, müzakirəyə çıxarılan mövzunun aktuallığından söhbət açıb. Plenumun Bakının şəhərsalma inkişafının gələcəyinə həsr edildiyini deyən E.Qasımzadə şəhərsalma problemlərinin dövlətimizin həmişə diqqət mərkəzində olduğunu, onun siyasi, iqtisadi və sosial siyasətinin tərkib hissəsi sayıldığını vurğulayıb.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, son illər ərzində Prezident İlham Əliyevin sərəncamları ilə aparılan işlər nəticəsində paytaxtımız Bakı şəhəri ciddi şəkildə inkişaf edərək artıq bu gün dünyanın ən gözəl şəhərləri sırasında yer alır. Bakı yalnız inkişaf etməyib, o, keyfiyyətcə də yeni səviyyəyə yüksəlib.  Bakının gələcək inkişafını sürətləndirmək üçün yeni baş plan hazırlanır. Sürətli və ciddi inkişaf bəzi problemlərin yaranmasına da səbəb olur. Onları həll etmək, ehtiyacları müəyyən etmək çox vacibdir. Buna görə də müvafiq qurumlarla birgə işlər aparılır.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev isə Azərbaycan Memarlar İttifaqının plenumunun ümumilli lider Heydər Əliyevin anadan olmasının ildönümü ərəfəsində keçirilməsi və məhz bu tədbirdə paytaxtın gələcək inkişafı məsələlərinin müzakirəsinin rəmzi məna daşıdığını söyləyib. Komitə sədri bildirib ki, Ümumilli Liderin və onun ideyalarının layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bütün sahələrdə olduğu kimi, şəhərsalma, tikinti və arxitektura sahəsində də çox uğurlu siyasət həyata keçirilir. Ölkə başçısının tapşırığı əsasında bütün şəhər və qəsəbələrdə genişmiqyaslı tikinti-quruculuq, abadlıq işləri aparılır, mühəndis-kommunikasiya və sosial infrastruktur obyektləri tikilir, yeni yaşayış kompleksləri salınır. Ölkəmizdə tarixi və mədəni irsin qorunması və bərpası sahəsində çox böyük işlər görülür.

S.Nuriyev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın milli-mədəni irsimizin qorunmasında və təbliğində oynadığı əvəzolunmaz rolunu xüsusi vurğulayıb. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi və şəxsi nəzarəti altında son illər ərzində uğurla reallaşdırılmış iri abadlıq və yenidənqurma layihələri sayəsində Bakı bu gün həm yüksək peşəkarlıqla konservasiya olunan zəngin tarixi-memarlıq irsi, həm də müasir memarlığı və infrastrukturu ilə seçilir: “Bugünkü plenumun məhz Bakının şəhərsalma inkişafı mövzusuna həsr edilməsini təqdirəlayiq hesab edirəm. Dövlət başçısının göstərişinə əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən hazırda təşkil olunmuş Bakının Baş planının hazırlanması prosesinə nüfuzlu beynəlxalq təşkilatlar ilə yanaşı, Azərbaycan ictimaiyyətinin və yerli peşəkarların da cəlb olunması xüsusi əhəmiyyət kəsb edir. Sevindiricidir ki, Azərbaycan Memarlar İttifaqı Bakının Baş planının hazırlanması prosesinin bütün mərhələlərində fəal iştirak edir”

O, həmçinin Bakı şəhərinin Baş planının hazırlanması üzrə 2 mərhələdə təşkil olunmuş genişmiqyaslı işlərdən danışıb. Nəzərə çatdırıb ki, birinci mərhələdə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 iyun tarixli Fərmanına əsasən, Bakı şəhərinin Baş planının beynəlxalq standartlara uyğun və ən uğurlu qlobal təcrübəyə əsaslanaraq tərtib olunması məqsədilə komitə “Böyük üçlük” adlanan dünyanın ən nüfuzlu üç strateji məsləhətçi şirkətlərindən birini – “Boston Consulting Group” şirkətini əməkdaşlığa cəlb edib. Birinci mərhələdə görülmüş işlər nəticəsində beynəlxalq təcrübəyə və bu sahədə müasir qlobal tendensiyalara əsaslanaraq Bakının İnkişaf Konsepsiyası hazırlanıb, şəhərin inkişafının əsas prioritetləri müəyyən edilib. Eyni zamanda, birinci mərhələdə tərtib olunmuş ətraflı texniki tapşırıq əsasında Baş planın işlənməsi məqsədilə beynəlxalq şəhərsalma şirkətinin seçilməsi üzrə açıq tender keçirilib. Aidiyyəti dövlət orqanlarının nümayəndələrindən və ictimai xadimlərdən ibarət olan tender komissiyasının qərarı ilə Bakı şəhərinin Baş planının hazırlanması üzrə tenderin qalibi Almaniyanın nüfuzlu “AS+P” şəhərsalma və memarlıq şirkəti seçilib və bununla da layihənin ikinci mərhələsinə başlanılıb.

S.Nuriyev, həmçinin əlavə edib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində layihənin ikinci mərhələsinin bütün icraçılarının – “AS+P”, “Boston Consulting Group” şirkətləri və Bakı Dövlət Layihə İnstitutunun ilk işçi görüşü təşkil olunub, növbəti addımların və qarşıdakı prosesin detalları müzakirə edilib: “Bu gün isə, layihə icraçılarının Azərbaycan memarları ilə ilk görüşüdür. Əminəm ki, bütün maraqlı tərəflərin, o cümlədən aidiyyəti dövlət orqanlarının, ictimai birliklərin, müstəqil ekspertlərin iştirakını təmin etməyimiz Bakı şəhərinin Baş planının ən yüksək keyfiyyətlə hazırlanmasına öz dəyərli töhfəsini verəcək. Həm müvafiq məlumatların toplanması və inteqrasiyası, həm də gələcəkdə təsdiq olunacaq Baş planın reallaşdırılması mərhələlərində birgə işin əlaqələndirilməsi xüsusi əhəmiyyət kəsb edəcək”.

Bakı Dövlət Layihə İnstitutunun rəhbəri İlqar İsbatov isə Bakının İnkişaf Konsepsiyası barədə məlumat verərək konsepsiya ilə müəyyən edilmiş və şəhərin Baş planının əsasını təşkil edəcək 4 əsas prioriteti plenum iştirakçılarının diqqətinə çatdırıb. Deyib ki, Bakının İnkişaf Konsepsiyası işlənərkən həm yerli mütəxəssislər, həm də şəhər sakinləri arasında sorğular aparılıb, bununla da insanların yaşadıqları şəhərə münasibəti, onların nədən narahat olduqları və nəyi bəyəndikləri öyrənilib. İnsanların Bakını gələcəkdə necə görmək istəyi barədə əldə edilmiş bu məlumat Baş plan üzərində davam edən işin növbəti mərhələsində də nəzərə alınacaq.

“AS+P” beynəlxalq şirkətinin icraçı direktoru Yoaxim Şares çıxışında şəhərlərin inkişafının dünya trendləri barədə məlumat verib. O, həmçinin Bakının Baş planı layihəsinin əhalinin yüksək artım tempi, şəhər və onun aqlomerasiyaları arasında tarazlığın qorunması və müasir dünyanın ayrılmaz atributu olan urbanizasiya proseslərinin davamlı idarə olunması zərurəti kimi əsas çağırışlarını xüsusi vurğulayıb. Deyib ki, təmsil etdiyi qurumun əsas vəzifəsi təkcə beynəlxalq şəhərsalma prinsiplərinin Bakıda tətbiqi deyil, şəhərin özünəməxsus xüsusiyyətlərini nəzərə almaq, onun tarixi görkəmini qorumaqdır. Məhz buna görə işə yerli mütəxəssislər də cəlb olunmalıdır. “AS+P” şirkəti görüləcək işlər çərçivəsində Bakı Dövlət Layihə İnstitutu və yerli peşəkarlarla sıx əməkdaşlığın qurulmasını planlaşdırır.

Çıxış və məruzələrdən sonra mövzu ətrafında geniş müzakirələr aparılıb.

 

Keçidlər